DataLife Engine > Çempionat / Müsahibə > “Vytis”lə qarşılaşma daha çətin olacaq”

“Vytis”lə qarşılaşma daha çətin olacaq”

UEFA Çempionlar Liqasının əsas mərhələsində oktyabrın 3-də ilk oyununu keçirəcək “Araz” Slovakiyaya yol düşür. Bakıda hazırlığını yekunlaşdıran təmsilçimiz oyunöncəsi məşqini matçın keçiriləcəyi arenada keçirəcək. Səfəröncəsi “Araz”ın əsas simalarından Xətai Bağırov azfutzal.az saytına müsahibə verib.

- Komandada vəziyyət necədi? Necə hazırlaşmısınız oyunlara?
- Baş məşqçimiz Alesionun özünəməxsus hazırlıq planı var. Əsas üstünlüyü taktiki planda çalışmalara vermişik. Heyətimizdə məlum dəyişikliklər edilib. Artıq braziliyalı futzalçılarımız yoxdu. Sırf yerli uşaqlarla mübarizə aparacağıq. Məncə, nəticə yaxşı olmalıdı. Uşaqlar əla formadadırlar və hər kəs oynamaq şansı qazanacaq.  
- Yüksək Liqada 3 oyun keçirmisiniz. Üstəlik, əsası “Araz”ın üzvlərindən qurulan milli Qazaxıstanla yoldaşlıq matçında üz-üzə gəlib. Bu oyunlardan sonra baş məşqçi nələrə diqqət yetirməyi tələb edir?
- Qazaxıstan millisinə qarşı yaxşı oynadıq. Baş məşqçi qrup mərhələsində də bu cür çıxış edə bilsək, uğur qazanacağımızı açıqlayıb. Taktiki tapşırıqlara diqqət yetirməli, oyuna konsantrasiya olmalıyıq.
- Alesio taktiki planda istədiyini ala bilirmi?
- Qazaxıstanla oyunda bəli, istədiyini aldı. Düzdü, müəyyən səhvlərimiz oldu. Amma ümumi götürdükdə, narazı qalmadı. Hər zamankı oyunumuzu nümayiş etdirə bilsək, problem yaşamayacağıq.
- Braziliyalı futzalçıların gedişi narahatlıq yaradır. Buna əsas varmı?
- Hiss olunur. Ancaq yerli oyunçular məşqləri intensivləşdirdikcə, təcrübə topladıqca oyun planında inkişaf edir. Müəyyən vaxtdan sonra onların yoxluğunu hiss etdirməyəcəyik.
- Bu mərhələyə yerli oyunçuların özlərini sübüt etmək prinsipi ilə yanaşacaqlarını gözləmək olarmı?
- Ola bilər yox, elə olacaq. Elə məqamdır ki, sona qədər gücümüzü meydanda sərf etməliyik.
- Qrupdan ancaq bir komanda mübarizəni davam etdirəcək...
- Reqlamenti bilirik. Ona görə də hər 3 oyunda qələbə qazanmalıyıq. Bir-birinə yaxın səviyyəli komandalardı. Düzdü, “Vytis” 7 braziliyalı ilə oynayacaq. Ancaq heç biri fantastik dərəcədə güclü deyil.
- Rəqiblərlə bağlı nə deyir baş məşqçi?
- Alesionun öz oyun planı, taktikası var. Rəqiblərlə bağlı oyundan bir gün əvvəl məlumat verəcək. Məşqlərdə rəqibə qarşı necə oynayacağımızı imitasiya edirik. Bir gün əvvəl videoya baxış olacaq. Özümüzün qrupumuz var, baş məşqçi tez-tez ora video hissələr atır ki, nələrə diqqət edək. Top rəqibdə olanda biz nə etməliyik, biz hücum edəndə onlar necə müdafiə olunacaqlar, standartlar zamanı hansı məqamlara diqqət ayırmalıyıq, bunları deyir. Həm də texnikası, sürəti ilə seçilən oyunçuları qeyd edir.
- Hansı rəqib daha təhlükəlidi?
- “Vytis”lə oyun daha çətin olacaq. Bu komanda digərlərinə nisbətən daha təhlükəlidir. Meydan sahiblərini də unutmaq olmaz.

AZFUTZAL.AZ



Вернуться назад