DataLife Engine > Çempionat / Yazarlar > Atadan oğula dəstək

Atadan oğula dəstək

Bu gün Yüksək Liqada III turun oyunlarına start verilib. Saat 11:30-da keçirilən “Yasamal” İSK – “Araz” oyunu böyükhesablı nəticə ilə bərabər, maraqlı bir hadisə ilə yadda qalıb. Belə ki, debütant “Yasamal” İSK-nı əvvəlki oyuna sırf baş məşqçi kimi çıxaran Mahir Eyniyev bu dəfə oynayan məşqçi kimi komandasına kömək etməyə çalışdı. Maraqlı məqam oyun zamanı meydanda iki Eyniyevin olmasıdı. İş orasındadır ki, Azərbaycan futzalının canlı əfsanəsi Mahir Eyniyevin oğlu da “Yasamal” İSK-da çıxış edir. Məhəmməd Eyniyev bu gün atası ilə komanda yoldaşı oldu. Düzdü, ata və oğlunun eyni anda meydanda olması hadisəsi ötən mövsümdə də baş vermişdi. Onda “Yasamal-2”dən çıxış edən Rüfət Hüseynovla U-17-nin üzvü Tofiq Hüseynov rəqib olmuşdular. Bu dəfə isə ata və oğul yumruğu bir nöqtəyə vurmağa çalışdı. Ancaq ata Eyniyev zədəli olduğuna görə meydanda az qaldı və texniki zonaya qayıtmalı oldu. Oyundan sonra Eyniyevlərdən maraqlı hadisəylə bağlı fikirlərini öyrəndik. Mahir Eyniyev bunun oğlu üçün müsbət məqam olduğunu vurğuladı: “Əslində, nə vaxtsa oğlumla komanda yoldaşı olacağımı düşünmürdüm. Bu da bir qismətidi. Təbii ki, mənim meydanda olmağımdan oğlum daha çox faydalana bilər. Təcrübəm, məsləhətlərim onun üçün gərəklidir. Onu da qeyd edim ki, oğlum olduğuna görə ona hansısa üstünlük yaradılmır. Biz meydandan kənarda ata-oğuluq, ancaq meydanda komanda yoldaşıyıq və hamımız bir məqsəd üçün çalışırıq”. Məhəmməd isə atasının meydanda olmasının onda özünəinamı artırdığını bidlirdi: “Nəticə yaxşı olmadı. Bizim əksər üzvlərimiz böyük futbolda oynayır. “Araz”ın heyətində isə təcrübəli, ustalıq səviyyəsi yüksək olan futzalçılar cəmləşib. Atamın meydanda olması isə mənim üçün böyük dəstəkdi. Ondan öyrənəcəyim çox şey var. Mahir Eyniyev Azərbaycan futzalının canlı əfsanəsidir. Bizim kimi bu sahədə addımlarını atan futzalçılar onun təcrübəsindən, texnikasından faydalanmalıyıq. Həqiqətən də maraqlı hadisə yaşandı. Belə olacağını heç vaxt düşünməmişdim”.

AFF FB səhifəsi



Вернуться назад