DataLife Engine > Yazarlar > Pulsuzluqdan şans qazanan futzalçılarımız Alesionu yenə "qaçırdacaqmı"?

Pulsuzluqdan şans qazanan futzalçılarımız Alesionu yenə "qaçırdacaqmı"?

Sportfm.az xəbər verir ki, son zamanlar Naxçıvan təmsilçisində baş verən dəyişikliklərlə bağlı xəbərlərdə daim qeyd olunur ki, bundan sonra komanda heyətdə yerli oyunçulara üstünlük verəcək və guya baş məşqçi Joze Alesio Da Silva heyəti gəncləşdirmək istəyir. Təbii ki, bu belə deyil. İşin əsli odur ki, hazırda "Araz" ciddi maliyyə böhranı yaşayır. Kluba ayrılan pulun miqdarı 5 dəfə azaldılıb. Komandanın himayədarı olan Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov bütün "gücünü" "Keşlə"yə verib. Yığmamızı və "Araz"ı eyni anda çalışdıran Da Silvanın daim iddialı olduğunu, böyük uğurlar qazanmaq istədiyini hamı bilir. Görəsən, Joze azərbaycanlılardan qurulan yeni komandanın başında qalmağa razı olacaqmı? Hələ ki, Alesio burdadı və verilən informasiyalara görə komandanı mövsümə hazırlaşdırır. Bəs, artıq bir dəfə Bakıdan qaçan mütəxəssis bu dəfə səbrli olub işləməyə davam edərsə, bizi nə gözləyir? Uzun müddətdir idman mediası ilə yanaşı, futzalsevərlər yığmamızda məhz azərbaycanlıların oynamalı olduğunu qeyd edir, braziliyalıların Bakıya ancaq pul qazanmaq üçün gəldiyini, onların oynaması fonunda ölkə futzalının beynəlxalq arenada uğur qazanmasına baxmayaraq, yerli oyunçuların üzə çıxmadığını deyir. İndi isə ələ belə bir şans düşüb. Son illər nüfuzdan düşən futzal üzrə Yüksək Liqada çıxış etməsi üçün az qala komandalara yalvaran Futzal Federasiyası təmiz rəqabətə imkan verəcəyi təqdirdə, bu mövsüm maraqlı çempionat izləyəcəyik. Düzdür, bəzi klubların heyətində xeyli sayda iranlı futzalçı peyda ola bilər, ancaq bu özünü sübut etmək istəyən yerli oyunçulara mane olmamalıdı. Nəzərə alsaq ki, millizin heyətində əsasən "Araz"da top qovan futzalçılar yer alır, bu onlar üçün bir stimuldur. Düzdür, hazırda xaricdə çıxış edən braziliyalıların vacib oyunlar öncəsi millimizin düşərgəsinə qoşulacağı istisna deyil. Lakin "Araz"ın Çempionlar Liqasında çıxış edəcəyini və həmin mötəbər turnirdə azərbaycanlı oyunçuların özünü göstərmək şansını yaxalayacağını düşündükdə, hər şeyin yerlilərin öz əlində olduğunu görərik. Alesionun əsl bacarığı da məhz indi üzə çıxacaq. Hər zaman böyük pullar hesabına komandaya cəlb edilən həmyerliləri ilə işləməyə üstünlük verən Da Silva bu dəfə bəyənmədiyi azərbaycanlı futzalçılarla uğur qazanmalıdı. Sona isə bir şey qalır - heyətdə yer alacaq yerli uşaqlara özünü göstərmək. 




Вернуться назад