DataLife Engine > Yazarlar > Banişevskinin şuşalı aşiqi Esya

Banişevskinin şuşalı aşiqi Esya

“Futzal tariximizdə iz buraxanlar” rubrikamızın növbəti qonağı nə qol vurub, nə də qapıda durub.  O, zallarda tər tökən oyunçuların sağlamlığının keşiyində dayanıb. Azərbaycan idmanı ilə yaxından tanış olan hər kəs Esmiralda Ələkbərovanı tanıyır:”Mən dünyanın ən gözəl güşəsi olan Şuşada doğulmuşam. Üç bacıyıq, evin kiçiyi mənəm. Orta məktəbi isə Ağdamda oxuyub, qızıl medalla bitirmişəm. Şagird olanda tez-tez futbolla maraqlanmalı olurdum, bunun səbəbi isə rəhmətlik anam Səlimə xanım idi. O futbolu çox sevirdi. 1966-cı ildə keçirilən Dünya Çempionatının qarşılaşmaları gec saatlarında yayımlanırdı. Ona görə mən məktəbdən gələn kimi, dərslərimi hazırlayıb, tez yatırdım. Gecə saat 2-də isə anam məni yuxudan oyadırdı və biz birlikdə oyunlara baxırdıq. Oyun qaydalarını çox yaxşı bilirdi. Mənə hər şeyi izah edirdi. Atam müəllim idi. Bütün günü işdə olduğundan futbola baxmazdı. Sonradan heç ağlıma belə gəlməzdi ki, ekranda gördüyüm, həsəd apardığım, oyununa heyran olduğum Anatoli Banişevski mənim pasientim olacaq(gülür). Zaman keçdikcə futbolun çılğın azarkeşinə çevrildim”.
Esmiralda xanımın tibbi seçməsinə təsir edən əsas amillərdən biri ailəsi ilə bağlı olub:”Bizim nəslimizin çoxu tibb sahəsində çalışır. Elə məndə uşaqlıqdan bu sahəyə meyl göstərirdim. Orta məktəbdə oxuyanda həkim olmaq üçün xəyallar qururdum. Bu sahə mənə çox maraqlı gəlirdi. Mən hardan biləydim ki, gələcəkdə ipə-sapa yatmayan futbolçuları müalicə etməli olacam!(gülür). 10-uncu sinifdə oxuyurdum, ali məktəbə hazırlaşırdım. Bir gün anam yanıma gəldi, başımı sığallayıb dedi ki, mənim qızım ən tanınmış həkim olacaq, onu bütün respublika tanıyacaq. O sözlər daim qulağımda cingildəyir. İnanın, onun arzularının çin olması üçün, ikiqat səylə çalışırdım. Sənədlərimi Tibb İnstitutuna verdim və qəbul oldum. Tələbə həyatına başladım”.
Sonradan Azərbaycanın tanınmış idman həkimlərindən birinə çevrilən Esmiralda xanımın futbola gəlişinin maraqlı tarixçəsi var:”Mənim travmatologiyaya böyük həvəsim vardı. Bu istiqamətdə üstünlüyü əsasən oğlan tələbələrə verirdilər. Ancaq mən fikrimdə qəti idim. Yarım il vaxtımı travmatologiyanı öyrənməyə sərf etdim. Ondan sonra bizi praktika keçmək üçün Respublika İdman Tibb Mərkəzinə göndərdilər. Biz 5 qız tələbə idik. Ora gedəndə qəribə mənzərə ilə rastlaşdıq. Bu əvvəllər praktika keçdiyimiz dispanserlərə bənzəmirdi. İçəridə ancaq oğlan uşaqları vardı. Soruşanda öyrəndik ki, burda ancaq futbolçuları müalicə edirlər. Baş həkim Asya Əliyeva bizə izah etdi ki, tezliklə buna alışacaqsınız. 6 aydan çox ora praktikaya gedib-gəldim. Sonda Asya xanım mənim futbola olan marağımı da nəzərə alaraq, yanında saxlamağa qərar verdi. Ancaq bu elə asanlıqla olmadı. O dövrdə Tibb İnstitutunu bitirənlər bölgələrə təyinat alırdı. Bakıda yalnız hamilə və ailəli olanları saxlayırdılar. Baş həkimin özü nazirlikdən xüsusi icazə alaraq, məni işlə təmin etdi. Bir müddət çalışdıqdan sonra mərkəzin futbol bölməsini mənə həvalə etdilər. Orda işləyən Mira Markaryan adlı erməni qadın ailə həyatı quraraq, Moskvaya köçdü. Bu hadisə 1975-ci ildə baş verdi. Yeni-yeni başlayanda mən futbolçulardan qorxurdum(gülür). Onlardan kimsə dispanserə gələndə həkimlər arasında çaxnaşma düşürdü. Axı, o adlar qarşısında necə həyəcan keçirməyəsən? Anatoli Banişevski, Səməd Qurbanov, Asəf  Namazov, Elbrus Abbasov, Əli Rəhmanov və s. kimi adlı-sanlı oyunçular müalicə üçün bizim yanımıza gəlirdi. Yavaş-yavaş qorxu və həyəcanım keçməyə başladı. Onlara öyrəşdim. Banişevski çox gözəl bir insan idi, daim bizimlə nəzakətlə danışırdı, hər kəsin hal-əhvalını soruşurdu. Hamı kimi mən də ona aşiq olmuşdum. Belə insanlar indi nə gəzir?Bizim dispanserimiz Anatolinin yaşadığı binanın altında yerləşirdi. Tez-tez qızlarını mənim yanıma gətirirdi. Hamıya deyirdi ki,  Esya mənin balaca qızlarımın rəfiqəsidir. Onunla bir dəfə səfərə yollandım. İnanırsınız, mənə imkan vermirdi ki, əlimi ağdan-qaraya vurum. Çox nüfuzlu futbolçu idi. O heç vaxt zədədən şikayətlənməyi xoşlamırdı. Hərdən mənə sol əlindəki sona qədər qatlanmayan dördüncü və kiçik barmaqlarını göstərib deyirdi ki, Esya bu mənə SSRİ yığmasından yadigardır. Yığmada çıxış edən zaman hansısa görüşdə əlindən zədə almışdı. Rəhmətlik Əli Rəhmanov mənə çox hörmət edirdi. Uşaqların hamısına tapşırırdı ki, Esya xanımın xətrinə dəyməyin. Onda hamı mənə artıq Esya xanım deyirdi. Rəhmanovun özü dövrünün avtoritet futbolçusu idi. Futbolçular onun sözünə baxırdı. O dövrdə futbolçuların ustalıq səviyyəsi çox yüksək idi. Onlar əsasən mikro travmalarla bağlı bizim yanımıza gəlirdilər. Onların əksəriyyəti isinmə hərəkətlərinə böyük üstünlük verirdi. Ona görə də zədə az olurdu”.
Futbolçularla yanaşı, Tofiq Bəhramov, Eldar Əzimzadə kimi dünyada  ad-san qazanmış hakimlərimiz Tibb Mərkəzinə baş çəkirmiş:”Hakimlər tez-tez bizi ziyarət edirdi. Şərt deyildi ki, zədələri olsun. Elə-belə gəlib söhbət edirdilər. Bəhramov çox sadə insan idi. O tibbi müayinəyə gəldikdə, daim maraqlı söhbətlər edirdi. Başına gələn kuryoz hadisələrdən danışırdı. O vaxtlar bütün idmançılar peşəkar karyeralarına başlamaq üçün mütləq mənim “qılıncımın altından” keçməliydi. Bütün həkimlərdən keçdikdən sonra, sonuncu arayışı mən yazıb verirdim. Ala bilməsələr, yandılar(gülür)”.
Ələkbərova ilk futzal yığmamız formalaşanda komandayla birgə olub. Maraqlıdır ki, o dövrdən bu yana Esmiralda xanım futzala “bağlanıb”:”1994-cü ildə Bakı Şəhər İcra Hakimiyyəti Novruz Bayramı ərəfəsində tədbir keçirirdi. Orda müxtəlif sahələrdə uğur qazanan insanlara mükafatlar verilirdi. Mən də onların içərisində idim. Tədbir sona çatdıqda getməyə hazırlaşırdım ki, Kazbek Tuayev mənə yaxınlaşdı. Dedi, Esya hara gedirsən, indi futzal üzrə turniri başlayacaq. Xahiş edirəm qalın, bizə kömək edin. Həkim çağırmaq yadımızdan çıxıb. O oturmaq, bu oturmaq, oldum futzalçı(gülür)”.
Uzun illərdir idman sahəsində “tər tökən” şuşalı qız arxada qalan illər ərzində ailə həyatı belə qurmayıb:”Mən idman tibbinə gəldikdən sonra futbolçularla dostlaşdım, daim onlarla ünsiyyətdə oldum. Sanki ailə həyatı qurmaq yadımdan çıxmışdı. Onların çoxunu dostum, bir qismini balam kimi çox istəyirdim. Beləcə illər ötüb keçdi. Xasiyyətim də çox tünddür. İndi bir az yumşalmışam(gülür), gənc yaşlarımda hamı məndən çəkinirdi. Hətta bir dəfə mənə başqa iş təklif etdilər, valideynlərimin təkidiylə ora yollandım. İçəri daxil olub, bir az o yan-bu yana boylandıqdan sonra geri çıxdım. İçəridə idmançı görə bilmədiyim üçün, çox sıxıldım. Dedim bu iş mənlik deyil. Həmişə səfərlərdə olduğum üçün atam istəyirdi ki, oturaq işdə çalışım. Bütün idmançılar sanki mənim ailəmin üzvü idi. Avtomobil almaq istəyən, evlənmək fikrinə düşən, qız seçən hamısı mənim yanıma gəlirdi. Dəfələrlə olub ki, futbolçular elçi getmək istədikləri qızları analarının yox, dispanserə mənim yanıma gətiriblər. Mən “hə” deyirdimsə, izdivac baş tuturdu. Futbolçuların bütün intriqalarında ən aktiv iştirakçı mən idim. Çoxları soruşa bilər ki, həkim hara, intriqa hara? Ancaq onlar bütün sirlərini mənimlə bölüşdükləri üçün hər zaman bu işlərin içində olurdum”.
Karyerası boyu bir çox ciddi zədələri sağaldan Esmiralda xanım 2015-ci ildə futzal çempionatında baş verən hadisəni unuda bilmədiyini deyir:”Yaxşı xatırlayıram, 2 il bundan öncə Birinci Liqada dəhşətli hadisə yaşandı. Meydanda mübarizə aparan gənc futzalçılardan birinin ayağı açıq şəkildə sındı. Çox ağır mənzərə idi. Qapıçı iki ayaqla topa çıxanda Fərrux adında oyunçunu(soyadını xatırlamadı – red.) ayağını sındırdı. Futzalda zədələr əsassən sərt örtüklə bağlıdır. Etiraf etməliyəm ki, indi zədələr çoxalıb. 20-25 il əvvəl bu qədər zədə olmurdu. Əvvəllər xaçvari bağların qırılması nadir hallarda olurdu. İndi tez-tez rastlaşıram. O zaman idmançı da ciddi zədə simptomları aşkar edəndə, onu rentgenə yönləndirirdik. İndi müayinələr həddindən artıq çoxdur. Futbolçu gəlir ki, ayağım ağrıyır, baxıb rentgen təyin edirsən, getmirlər. Onda belə aparatlar yox idi. Zədə gec sağalırdı, amma, idmançılar usta idi”.
UEFA-nın bir çox seminarlarının iştirakçısı olan xanım 6 beynəlxalq sertifikata malikdir:”Mən seminarlarda həmişə iştirak edirdim. Dünyanın istənilən yerində çalışa bilərəm. 1993-cü ildə rəhmətlik Fuad Musayevlə tanış oldum. Çox sərt adam idi, qərarlarında qətiyyətli idi. Hətta bəzən tapşırığı düzgün yerinə yetirməyənləri təhqir etməkdən belə çəkinmirdi. Bir dəfə onunla aramızda bir dialoq yaşandı. Fuad müəllimə dedim ki, əgər bir işdə günahım olarsa, siz məni təhbeh etsəniz susacam. Yox, günahım olmadan mənə nəsə desəniz, cavabınızı qaytaracam”.

Azərbaycan futzalı ilə bərabər addımlayan Esmiralda Ələkbərova ən yaxşı futzalçıların o dövrdə olduğunu bildirir:”Elniyev qardaşları, Ağatahir Əzimov, Rauf Hüseynov, İbrahim Həsənov, Allahverdi Babayev, Baba Əsgərov, Müslüm Hüseynov super futzalçılar idi. Mahir virtuoz idi, meydanda istədiyini edirdi, Ağatahirin zərbələrinin qarşısını hər qapıçı ala bilmirdi, Müslüm 10 metrlik cərimə zərbələrini zərgər dəqiqliyi ilə vururdu, Allahverdi “ağcaqanad” kimi zalın hər tərəfinə qaçırdı. Rauf bizimlə daim zarafatlaşırdı Tez-tez deyirdi ki, pulumu verməsələr Amerikaya gedəcəm. Bir dəfə yeni eyni zarafatı etdi, biz dedik ki, Rauf axı sənin Amerikada qohumun yoxdur, ora kimin yanına gedəcəksən? Həmin an televiziyada məşhur “Santa-Barbara” serialı gedirdi, Hüseynov da qayıtdı ki, neçə ildi bu seriala baxıram, orda olanların hamısı artıq mənim qohumumdur(gülür). Sonrakı nəsildən Marat Salyanskinin, Ceyhun Sultanovun, Zaur Ramazanovun adını çəkə bilərəm. Ceyhun əsl professor idi. Yadıma gəlir, bir dəfə oyun zamanı Maratın gözünə zərbə dəydi, göz qapağı bağlandı. İçinə qan doldu. Salyanskiyə dedim ki, qorxmursansa, qanı iynə ilə çəkə bilərəm. Başıyla dedi ki, çək. Buna hər adam razı olmur. Düzdür, bəziləri idman həkimlərini ciddi qəbul etmirlər. Mən isə düşünürəm ki. İdman həkimi daha çətin peşədir. Gərək hərtərəfli olasan. Lazım gələndə cərrah, tələbat olarsa terapevt, çətin durumda göz həkimi vəs olmalısan. Zədə alan idmançıya deyə bilməzsən ki, burda dur, mən sənə göz həkimi çağıracam. Buna vaxt yoxdur”.
Qeyd edək ki, Esmiralda Ələkbərova 1951-ci ildə dünyaya gəlib. 42 ildir idman həkimi kimi çalışan Esya xanımı hazırda da futzal üzrə ölkə çempionatının oyunlarında görmək mümkündür.   
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir




Вернуться назад